ADAPP nın aylıq hesabatı – Sentyabr 2009-ci il
İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı – Sentyabr 2009-ci il
İranda Azərbaycanlılar əleyhinə həyata keçirilən insan haqqları pozuntuları 2009-cu ilin Sentyabr ayında da davam etdi; yeni məktəb ilinin başlanması ilə birlikdə, ana dilində təhsil haqqı istəyən Azərbaycan fəallarına basqılar çoxaldı, Azərbaycanlı öyrənci aktivistlərin yüksək təhsilə girişləri önləndi və əsassız və öz xoşuna şəkildə həbslər təkrar həyata keçirildi. Həbsə alınanlar işgəncə və çeşidli basqılara məruz qalıb və tutuqlamaların çoxunda məhbusun haraya aparıldığı və hansı səbəbə görə tutulduğu ilə bağlı bilgi verilməyib, vəkillə təmin olma və ailə ilə görüş haqqları onlardan alınıb, sağlıqları üçün gərəkli olan imkanlar sağlanmayıb və məhbusların həbsxana xaricində müalicə edilmələri ilə bağlı istəkləri rədd edilmişdir.
Azərbaycanlı hüquq müdafiəçisi və jurnalistın sağlıq durumu yaxşı deyil
8 il həbsə məhküm olub və Tehranin Evin həbsxanasına həbs sürəsini çəkən Azərbaycanlı jurnalist və insan hüquqları Müdafiəçisi Səid Mətinpurun sağlıq durumu ağırkən həkimə göstərilməməkdədir. Hüquq müdafiəçisi neçə həftə öncədən bəri ürək və ağciyər problemlərindən dolayı acı çəkməkdədir. Mətinpurun daha öncə ürək, döş və sol əlində şiddətli ağrılar hiss etdiyinə dair xəbər verilmişdi. İndi bunlara ağciyər ağrısı da əlavə olunub. Onunla eyni kamerada saxlanılan məhbuslar Metinpuru zindanın sağlıq mərkəzinə aparıblar və doktor isə heç bir müayinə etmədən onun sinir xəstəsi olduğunu deyib. Ona psixoloji gərginliyi üçün üç çeşid dərman verib və kamerasına geri göndəriblər. Ancaq Mətinpur hər hansı müayinə edilmədən ona verilən resepti qəbul etməyərək sakinləşdirici dərmanlar işlətməkdən imtina edib.
Mətinpur evlərinə telfon edib ancaq fasiləsiz öskürməsi üçün danışmağa qadir olmayıb. O həmçinin mədə-bağırsaq problemlərindən dolayı, ağciyər infeksiyası üçün olan antibiotikləri işlədə bilmir.
Mətinpur son aylarda neçə dəfə həbsxana xaricində müalicə olmasını istəyib ancaq məsullar onun vəkili və ailəsinin çabalarına rəğmən bu istəyi hər zaman rədd ediblər.
Onun həyat yoldaşı Ətiyə Tahiri, özəlliklə onunla 26 Sentyabrdakı görüşməsindən sonra, Metinpurun sağlığı ilə bağlı ciddi şəkildə nigaran olduğunu bildirib. Mətinpurun mədə qanaması, həzm problemi, bel ağrısı, ürək problemi və ağır baş ağrısından ibarət olan xəstəlikləri daha şiddətlənməkdədirlər. Bütün bunlara baxmayaraq o uzman doktor tərifindən müayinə edilməkdən məhrumdur.
Tehran Universitetinin fəlsəfə bölümü məzunu olan Səid Mətinpur, ‘Yarpaq’ və ‘Moc-i Bidari’ (Oyanış Dalğası) qəzetləri və Azərbaycanda insan hüquqları üzərə fəaliyyət edən ‘Haqq’ bloqunun yazarı olub. Mətinpur həmçinin öz şəxsi bloqu və başqa qəzetlərdə Azərbaycanda dil və insan hüquqları haqqında çoxlu məqalələr yazıb.
Sərhədsiz Reportyorların 2009 Sentyabrın 24-də İran məsullarının İranın dünyada ən azad ölkə olduğuni iddia etdikləri ilə bağlı buraxdığı raporda, Səid Mətinpurun ağır sağlıq durumunu baxmayaraq müalicə olmadığına toxunub. Rapor İran jurnalistlərın təməl haqqlarını verməyir deyə açıqlamışdır.
Uluslararası Əfv Təşkilatı, Sərhədsiz Reportyorlar, Front Line və Jurnalistləri Müdafiə Birliyi quruluşları daha öncə nəşr etdikləri hesabatlarda Səid Metinpuru düşüncə məhbusu olaraq gördüklərini ifadə edərək heç bir ön şərt olmadan bir an öncə sərbəst buraxılmasını istəmişlər.
Azərbaycan kültürəl aktivistləri gözaltına alındılar
Sentyabrın 23-də İranda yeni təhsil ili başlar. İranda yaşayan qeyri-Fars millətlərin ana dildə təhsil alma haqqları olmadıqları üçün, bu gün onlar üçün simgəsəl bir günə çevrilib; özəlliklə İranda yaşayan Azərbaycan Türkləri üçün 23 Sentyabr təhsil və dil ayri-seçkiliyini təmsil edən bir güdür. Hər il bu gün münasibəti ilə Azərbaycan fəalları İranda Türk dilində təhsil yasağına etiraz eyləmlərinə başlayırlar. Bu eyləmlər umumən ana dilində təhsil haqqı ilə bağlı vərəqələr dağıtmaq, duvarlarda slogan yazmaq və dinc aksiyalar keçirmək şəklində olur. İran hakimiyyəti bu eyləmləri həyata keçirən aktivistlıri həbs edir. İran'daki Azərbaycanlı kültürəl aktivistlər,
Hüseyn (Arif) Lisani, Möhsün Rəfi və Hamid Heydəri 2009 Sentyabrın 14-də təhlükəsilik (Ettelaat) gücləri tərəfindən tut ulub və üç gün gözaltına alındıqdan sonra sərbəst buraxılıblar. Adı çəkilən şəxslərin nəzarətə alınması, İranda təhsil ilinin başlanğıcı olan "1 Mehr" (23 Sentyabr) günündən öncə ana dildə təhsil haqqı və Azərbaycan Türkcəsinin İranda rəsmi dil statusu qazanması tələbiylə bağlı vərəqə və CDlərin Ərdəbil şəhərində paylanmasının ardından olub.
14 Sentyabr günü, həbs izni göstərməyən təhlükəsizlik məmurları Rəfiinin mağazasına girib üç aktivisti tutuqlayıb, mağazadakı bilgisayar və bəzi əşyalara əl qoyduqları bildirilib. Hüseyn (Arif) Lisani və Möhsün Rəfii, tanınmış Azərbaycanlı mədəni haqqlar aktivisti və əski siyasi məhbus Abbas Lisaninin familləri olub Erdebildəki aktivistlərdən, Hamid Heydəri isə İsfahan Universitetindəki Azərbaycanlı öyrənci aktivistlərindəndirlər.
Təbriz şəhərində Azərbaycanlı jurnalist yazar Həsən Ərk və siyasi aktivist İbrahim Dəşti, təhsil ilinin başlanğıcından bir həftə öncə, Sentyabrın 21-də, İran təhlükəsizlik məmurları tərəfindən həbsə alındılar. Yaxınlarından alınan bilgilərə görə həbsə alındıqları zaman aktivistlərin evləri və iş yerləri axtarılaraq bəzi kitab, əl-yazmaları və başqa əşyalarına əl qoyuldu. Ərk və Dəştinin bu ana qədər saxlandıqları yer bilinmir.
İranda Azərbaycanlı jurnalist və öyrənci aktivist Umud Şükri, 16 Sentyabr günü ailəsini ziyarət etmək üçün Türkiyədən Ərdəbil şəhərinə getdiyi zaman həbsə aləndı.
İki ildir Türkiyədə yaşayan və İzmir Universitetində təhsil alan aktivist, daha öncə ISNA (İran Öyrənciləri Xəbər Agentliyi) və CHN (Kültürəl Miras Xəbər Agentliyi) agentliklərində muxbir olaraq çalışmış və Ərdəbil Peyamı Nur Universitetində çıxan öyrənci dərgisi "Sayan"ın məsul müdiri idi.
Yerli qaynaqlardan alınan məlumatlara görə Şükrinin həbsə alınmasının, Ərdəbil şəhərində öyrənci olduğu zaman həyata keçirdiyi mədəni fəaliyyətlər və adı çəkilən öyrənci dərgisi ilə bağlı əlaqədar olduğu sanılır.
Keçən il İranda Təhsil Nazirliyi tərəfindən nəşri dayandırılan "Sayan" adlı öyrənci dərgi , Peyamı Nur Universitetindəki Azərbaycanlı öyrənciləri tərəfindən mədəni və ictimai sahələrdə nəşr olunmaqda idi.
İranda Azərbaycanın Zərrinava (Zərrin Abad) şəhrində yaşayan şair və yazar Məhbub Budağı 2009 Avqustun 17-də İran təhlükəsizlik məmurları tərəfindən Zərrinavadakı mağazasında gözaltına alındı. Şairin evində və mağazasında tapılan kitab və əl-yazmalarına əl qoyuldu. Zəncanın “Əşraq Ədəbi Dərnəyi” və “Bayram” adlı aylıq qəzetin yazarlar heyətindən olan Budağı Zəncanın Təhlükəsizlik həbsxanasında 10 gün saxlandıqdan sonra Təbriz zindanına göndərildi. Məhkəmə məsulları şairin tutulması ilə bağlı onun ailəsinə hər hansı səbəb bildirməmişlər. Vəkillə təmin etmə haqqından məhrum olan şairin həbsə alınmadan öncə xəstə olduğu və həbsxana şərtləri altında xəstəliyinin şiddətlənməsi bildirilib.
Azərbaycanlı aktivistlərə həbs hökmü verilib
İranda Azərbaycan aktivistləri Behruz Əlizadə, Vədud Səadəti, Rəhim Qulami, Hüseyn Hüseyni və Ərdəşir Kərimi, Ərdəbil şəhərinin Təmyiz (Apellyasiya) Məhkəməsi tərəfindən bir il həbsə məhkum oldular. Hüseyni və Kərimiyə verilən həbs hökmlərı iki ilə qədər təxirə salınacaqdır.
Aktivistlərə “milli güvənlik əleyhinə olan qruba” üzvlük günahlandırmasıyla “rejim əleyhinə propaganda” ittihamı verildi.
Daha öncə, 2008 Fevralın 1-də Ərdəbil İnqilab Məhkəməsi Hüseyn Hüseyni, Behruz Əlizadə, Ərdəşir Kərimi Xiyavi, Vədud Səadəti və Rəhim Qulami 5 il həbsə və sürgünə məhkum etmişdi.
İran Anayasasında (Konstitusiya) hər kəsə dinc aksiya keçirməyə izin verildiyinə baxmayaraq, Azərbaycanlı aktivistlər etiraz mitinglərində iştirak etməklə günahlandırılar və nəzarət mərkəzləri yaz zindanlarda işgəncəyə məruz qalırlar. Bu aktivistlər həmçinin mitinglərə qatıldıqları üçün zindan və sürgün edilməyə məhkum olurlar.
Apellyasiya Məhkəməsi Azərbaycan aktivist Vədud Əsədini 5 ilə qədər təxirə salınan bir il həbs cəzasına məhkum etdi. Məhkəmə hökmü 2009 Mayın 26-da çıxarısa da 2009 Sentyabr 25-də Esədiyə şifahi olaraq bildirilmişdir. O “rejim əleyhinə propaqanda” və “etnik fəaliyətlərə qatilmaq” ilə günahıadırılıb.
Vədud Əsədiyə daha öncə digər Azərbaycanlı aktivist Hüseyn Rəhimi ilə birlikdə 18 ay həbs cəzası verilmişdi. Onlar 1 ay boyunca Rəşt Təhlükəsizlik həbsxanasında gözaltına alındıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılmışlar.
Uluslararası insan haqqları müdafiəçilərini qoruma təşkilatı "Front Line" 2008 Avqustun 8-də yaydığı bəyanatda Vədud Əsədinin həbs olunmasını qınayaraq sərbəst buraxılmasını istəmişdi.
İranda Azərbaycanlı insan haqqları müdafiəçisi və mədəni aktivist Yaşar Həkakpura, Zəncan İnqilab Məhkəməsi 1. Şöbəsi tərəfindən 6 ay həbs cəzası verildi.
2009 Avqustun 17-də verilən hökmdə aktivist, "sistem əleyhinə təbliğat" və "cəmiyyətin düşüncələrinə mənfi təsir etmək" günahlandırmalarıyla mühakimə olundu. Məhkəmə başçısı Hakim Sadiqi, "sistem əleyhinə təbliğat" günahlandırmasıyla 6 ay həbs qərarı verib digər günahlandırmaqla bağlı fayl səlahiyyətini Zənan Cəza Məhkəməsinə təhvil verdi.
Zəncan Universiteti İslami Birliyi üzvü, Hime şagird jurnalının məsul müdiri, "Qızıl Üzen" və "Zəngan Sözləri" öyrənci dərgisinin yazıçısı və İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyinin (ADAPP) sözçüsü olan Yaşar Həkkakpur, 2009 Yanvarın 21-də Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində nəzarətə alınaraq bir ay sonra 30 min dollar kefalet qarşılığında sərbəst buraxılmışdı.
Həkkakpur soruşdurma sırasında Zəncan Universitetindəki fəaliyətləri, yayılmasında rolu olduğu öyrənci dərgiləri və Marağada təmsilçiliyini etdiyi “Azərbaycan Gənclər Evi” haqqında təftiş edilidiyini bildirib.
Azərbaycanlı fəallın mühakiməsi
Azərbaycanın Germi şəhərində yaşayan aktivist Şəhruz Əsədi 2009 Sentyabrın 29-da mağazasının Türkcə tabeli üçün “rejim əleyhinə təbliğat” günahlandırmasıyla mühakimə olub.
Germi Təhlükəsizlik Ofisinin basqılarına baxmayaraq, Əsədi Türkcə tabeli qaldırmağı qəbul etmıyincə, Təhlükəsizlik gücləri tərəfində göz altına alındı. Məmurlar onun şəxsi bilgisayarı və başqa əşyalarına əl qoyub, tabeli isə mağazanın üstündən qaldırdılar. Əsədi bir həftə gözaltında saxlandıqdan sonra kəfalətlə sərbəst buraxıldı.
Azərbaycanlı aktivist uzunmüddətli müvəqqəti həbsdə saxlanılıb
Azərbaycanlı yazıçı və Türk dili öyrətməni Həsən Əbdullahi (Umudoğlu) 2009 İyulun 13-də Təbriz Təhlükəsizlik məmurları tərəfindən öz evində tutuqlanıb və bu tarizə qədər sərbəst buraxılmamışdır. Raporlara görə yazıçı Azərbaycanlıların kültürəl və dil hüquqları ilə bağlı CD’lər yaymaqla “milli güvənlik əleyhinə fəaliyyət edən quruluş qurmaq” ittihami ilə qarşı-qarşıyadır.
Sərbəst buraxılan fəallar
2009 Mayın 31’də Xiyav şəhərində (Meşkinşəhr) Təhlükəsizlik məmurları tərəfindən tutuqlanan Azərbaycan mədəni fəalı Aydın Zakiri 93 gün gözaltında tutulduqdan sonra, 2009 Sentyabrın 2-də 600 Milyon Riyal (60 min dollar) vəsiqə qarşılığında sərbəst buraxılıbdır.
Azərbaycan fəalları Mənsur Seyfi, Fərdin Nobəxt, İlqar Müəzzinzadə, Əli Feyzi, və Cəfər Ağa Məhəmmədi son neçə ay içərisində Xiyav şəhərində tutulub və neçə gün gözaltında saxlandıqdan vəsiqə qarşılığında sərbəst buraxılıblar. Bütün bu fəallar Xiyav şəhərində Azərbaycan Türklərinin etnik və dil haqqları ilə bağlı vərəqə dağıtdıqları üçün gözaltına alınıblar və onlara verilən ittihamlar bunlardır: “rejim əleyhinə təbliğat” və “milli güvənlik əleyhinə fəaliyət”.
Azər 2009 Aprelin 4-də Təhlükəsizlik məmurları tərəfindən Azərbaycanın Təbriz şəhərində tutulan Azərbaycanlı yazar və tarixçi Nağı Əhmədi Azər 104 gün gözaltında saxlandıqdan sonra, 2009 Avqustun 31-də 1.5 Milyard Riyal (150 Min Dollar) vəsiqə qarşılığında sərbəst buraxılıb.
Nağı Əhmədi Azər keçən illərdə nəşrinə qadağa qoyulan “Şəms-i Təbriz” qəzetinin yazıçısı olub, Azərbaycan tarixi və ədəbiyyatı haqqında neçə kitab yazıb və tərcümə etmişdir. O “İran Yazıçılar Birliyi”nin üyəsi və “Azərbaycan Yazıçılar Birliyi”nin fəxri üyəsidir.
Azərbaycanlı siyası aktivist Peyman Bəşiri 4 ay həbs çəkdikdən sonra sərbəst buraxılıb. Bəşiri 2008 Sentyabrın 14-də yeni təhsil ilinin başlağıcından 2 həftə öncə tutulub və 50 gün Təbriz zindanında saxlandıqdan sonra sərbsət buraxılmışdı. O daha sonra mühakimə olub və Təbriz İnqilab Məhkəməsi tərəfindən 4 ay həbs cəzasına məhkum olmuşdu.
Azərbaycanlı öyrəncilərin yüksək təhsilinin qarşısı alınır
Son zamanlarda Azərbaycanlı öyrənci aktivistlərin məruz qaldığı basqılar artmışdı. Ən azı 4 öyrənci gözaltına alınıb və həbs cəzası alıb. Həmçinin ən azı 9 digər öyrəncinin də sınağı qazandıqlarına baxmayaraq yüksək təhsil mərkəzlərinə girmələri izin verilməyib.
Azərbaycanlı öyrənci aktivisti, Hamid Tofiq’ə Azad Universitetin yüksək lisans sınağına qatılmasına baxmayaraq sınaq nəticəsi göndərilməyib. Məsullar ona nəticənin verilməyəcəyini bildiriblər.
Təbriz Universitetinin tanınmış aktivisti olan Tofiq bu univesitetdə elektrik mühəndisliyi bölümündə məzun olub.
Azərbaycanlı öyrənci aktivist Aminə Qasimpur, minlər öyrənci arasında yüksək təhsil sınağında 36-cı yeri qazandığına baxmayaq qeydiyyata almayıb. İranın Bilim, Araşdırma və Teknoloji Nazirliyi aktivistin yüksək təhsilə girmək üçün ümumi səlahiyətə malik olmadığını deyir.
Təbriz Universiteti “Azərbaycan Tanıdım Ocağı”nin üyəsi olan Aminə Qasimpur bu universitetin psixoloji bölümündən məzun olub.
Azərbaycanlı qadın haqqları fəallı Leyla Səhət (Həkimə Səhət Noşəhr) də Təbri Azad Universiteti Sosiologiya bölümündə yüksək təhsil giriş sınağının nəticəsini ala bilməyib. Səhət “Yarıyol” blogunun yazarı və Təbriz şəhərində tanınmış qadın haqqları aktivistidir.
Daha öncə digər Azərbaycanlı aktivistlər Behzad Ciddi, İbrahim Şahbazi və Rəhim Şövqü öz bölmərində yüksək təhsilə giriş sınağını qazandıqlarına baxmayaraq, təhsillərinin qarşısı alınmışdı.
Azərbaycan öyrənci fəallarının əleyhinə olan basqılar sadəcə yüksək təhsilin qarşısını almaqla sınırlanmır. Son zamanlarda Urmiyə Azad Universitetinin öyrəncisi Seyid Məsud Ələvi iki semestr (dönem) qədər universitetdən uzaqlaşdırılma, 30 qamçı və 2 Milyon Riyal (200 Dollar) nağd cəzaya məhkum olub. Ələvi 2009 İyunun 16-da İranda prezident seçgiləri nəticəsinə etiraz aksiyalarında tutulub iki gün gözaltında saxlandıqdan sonra sərbəst buraxılmışdı.
Qadınların etiraz mitingi İran polisinin sərt təpgisiylə qarşılaşdı
2009 Sentyabr 14-də Təbriz şəhərində həyata keçirilən qadınlar aksiyası polisin şiddətli güc tətbiq etməsi ilə sonuclandı. Bu eyləmə qatılan qadınlar, şəhər məsullarının doğal gaz ilə bağlı siyasətlərinə etiraz etmək üçün Təbriz bələdiyyə binasının qarşısına toplanmışdılar. Etirazçı qadınlar bələdiyyə binasından uzaqlaşsınlar deyə qorxudulsalar da, etirazlar polisin çox sərt müdaxiləsi ilə sona çatdı.







del.icio.us
Digg